
Bakı. Ramil Məmmədli-APA. “İrəli” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlının APA-ya müsahibəsi
- Son dönəmlərdə xaricdə təhsil alan gənclərin adı müxtəlif siyasi proseslərdə çox hallandırılır. Buna münasibətiniz necədir?
- Gənclərimizi xaricdə təhsil alan və ya almayan deyə qruplara bölüb parçalamaq lazım deyil. Bizim üçün hər iki kateqoriyaya aid olan gənclərimiz çox əzizdir. İnkişafımız üçün hər bir insanımızın potensialından istifadə etməliyik. İstənilən gəncin siyasətlə məşğul olması normaldır. Amma unutmamalıyıq ki, Azərbaycanda yaş həddi imkan verənlərin yalnız 10 faizi partiya üzvüdür. Elektoratın təxminən 90 faizi heç bir partiyanın üzvü deyil. Demək ki, çoxluq neytral mövqeli insanlardır. Ona görə də bir qrupun siyasi mövqeyini çoxluğa aid etmək düzgün deyil!
- Sizcə, xaricdən gələn təsirlərlə xaricdə təhsil alan gənclər arasında bağlılıq nə qədərdir?
- Xaricdən gələn təsirlərlə xaricdə təhsil alan gənclər tamam ayrı anlayışlardır. Xaricdən gələn bütün təsirlərin də mənfi olduğunu söyləmək olmaz. Məsələn, əgər xaricdən elmi inkişaf, texnoloji inkişaf, keyfiyyətli təhsil, tibb, rabitə, informasiya texnologiyaları, “know how” və s. inkişafa xidmət edən cərəyanlar gəlirsə, bunun nəyi pisdir ki? O ki, qaldı mənfi təsirlərə, sirr deyil ki, bu gün hələ də müstəqilliyimizi həzm edə bilməyən, bizə yuxarıdan aşağı baxmağa cəhd göstərən, ərazi bütövlüyümüzə qəsd edən, daxili işlərimizə qarışmağa cəhd edən, təbii sərvətlərimizə göz dikən, inkişafımızı gözü götürməyən xarici ölkələr və onlara dəstək göstərən, və ya özü də fərqinə varmadan belə qüvvələrə alət olanlar var. Amma o demək deyil ki, bu qüvvələrdən danışarkən xaricdə təhsil alan gənclərimiz ağıla gəlməlidir. Bu yolverilməzdir. Ona görə də mən təəssüf edirəm ki, bəzi müxalif partiyalar, radikal şəkildə qütbləşmiş qruplar və media nümayəndələri əsassız olaraq xaricdəki gənclərimizin adını hallandırırlar. Müxalifət və ya iqtidar partiyası nümayəndəsi olmasından, xaricdə vəya daxildə yaşamasından asılı olmayaraq, hər kəsin fəaliyyəti qanunla tənzimlənməlidir. Əgər hər hansı fərd və ya qurum qanuna zidd çağırışlar edirsə, bu həmin şəxsin və qurumun öz adına şamil olunmalıdır. Ona görə də qətiyyətlə deyirəm ki, xaricdə təhsil alan gənclərlə bağlı yanlış fikirlərə son qoyulmalıdır. Bu gün xaricdə təhsilini başa vurub dönən gənclərimizin mütləq əksəriyyəti ölkəmizin inkişafı üçün kadr bankı, xaricdə qalanar isə bizim mənəvi səfirlərimiz və təmsilçilərimiz rolunu oynayır. Dövlətimiz hər zaman bu gənclərə sahib çıxır və çıxacaq.
More